“O, Zaur Baxşəliyevin verilişinə çıxaraq məni biabır etdi” - Qızını öldürən ata

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, mərhum qızı Jalə Davudova onun birinci nikahdan olan övladıdır. Boşandıqdan sonra məhkəmə aliment təyin edib, cəmi 1-2 ay aliment verib. Sonra Jalənin anası Zümrad ərə gedib. Zümradın əri aliment lazım olmadığını, Jaləni özünün böyüdəcəyini söyləyib. Jalə böyüyəndən sonra İftixara zəng eleyib. Lakin atası onun barəsində pis sözlər eşitdiyinə görə qızı ilə əlaqə qurmaq istəməyib.

İftixar Davudov qeyd edib ki, Jalə 2018-2019-cu ildən onu təhdid etməyə başlayıb, atasına haqqı olanı verməsə, onu biabır edəcəyini bildirib. Neçə ildir ki, onlara əziyyət verib, sosial şəbəkələrdə onu və ailəsini təhqir edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Jalə sosial şəbəkələrdə şəkillər paylaşıb, onun qızlarını, nəvələrini təhqir edib. Hətta qızı bir dəfə aparıcı Zaur Baxşəliyevin verilişinə çıxıb onu biabır edib. Jalə Türkiyəyə gedib, oradan instaqram sosial şəbəkəsi vasitəsi ilə foto şəkillər paylaşıb.

2021-ci ildə Jaləni Türkiyədən gətirdib, təyyarə biletini alıb, gələn gün ev tutub. Jalə tutduğu evi bəyənməyib, onu hotelə yerləşdirib. Qızı ondan 150 min manat pul tələb edib. Jalə paylaşdıqlarını silsin deyə ona hər gün 20 manat və hər ay 300 manat kirayə pulu göndərib.

İftixar Davudov söyləyib ki, qızının hədə-qorxu gəlməsi ilə bağlı 34-cü Polis Şöbəsinə müraciət edib, lakin heç bir nəticəsi olmayıb. Bütün qohumların, qonşuların yanında biabır olduqlarını, neçə dəfə Jaləyə xəbərdarlıq etdiklərini, oğlunun Jalənin anasının yanına gedib onun hərəkətləri barədə xəbərdar etdiyini bildirib. Atası Jalənin yaşadığı ünvana gedib, liftdən çıxanda qızı ilə qarşılaşıb. Qorxutmaq məqsədi ilə özü ilə bıçaq aparıb.

O bildirib ki, qızını öldürmək məqsədi olmayıb. Jalə onu görən kimi qışqır-bağır salıb, həm atasına, həm də qardaşına ağır sözlər deyib. Onun çox qışqırdığını gördükdə bıçağı çıxarıb. Jalə bıçağı əlindən alaraq pilləkənların arasından aşağıya atıb. Blokdan çıxan zaman Jalə yenə qışqırıb.

“Həmin vaxt özümdə olmadığım üçün bıçağı yerdən götürərək Jalənin boyun nahiyəsinə bir zərbə vurdum. Sonra bıçağı tullayıb blokdan çıxdım. Törətdiyim əməldən peşmanam. Hadisəni törətdikdən sonra polisə gedib, könüllü təslim oldum. Həmin vaxt affekt vəziyyətində olmuşam”, - deyə, təqsirləndirilən şəxs vurğulayıb.

Qeyd: Ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.