NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ - Konstitusiya Məhkəməsi qərar verdi / YENİLƏNİB

Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Stopnarkotik.az xəbər verir ki, toplantıda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılıb.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Daha sonra müşavirədən qayıdan Konstitusiya Məhkəməsi Plenumunun üzvləri Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul ediblər.

***10:37

İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası işə başlayıb.

Stopnarkotik.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov və həmin şöbənin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak edirlər.

***

***09:47

Bu gün Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq.

Stopnarkotik.az xəbər verir ki, iyunun 24-də Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Milli Məclisin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq.