Azərbaycan Xalq Cəbhəsi Partiyası Gəncə rayon şöbəsinin fəalı, iki il əvvəl Gəncədə həbs edilmiş Razi Alışovun məhkəməsi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsi onu Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz satışı) təqsirli bilərək 5,5 müddətinə azadlıqdan məhrum edib.
Hökmə əsasən, Alışov digər Gəncə sakini, 6,5 il həb cəzası alımış Vüqar Cəfərovla birlikdə narkotik maddə alverilə məşğul olub.
Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, Cəfərov psixi xəstəlikdən əziyyət çəkir və psixotrop dərmanlar şəklində müalicə alır.
Alışov özü bildirib ki, onu uydurma və siyasi motivli ittihamla həbs ediblər. Müdafiə tərəfi hökmdən şikayət etmək niyyətindədir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasında qeyd ediblər ki, hazırda partiyanın digər üzvləri Şahin Hacıyev, Elnur Həsənov, Sahib Məmmədzadə, Mehman Əliyev narkotik maddə ittihamı ilə həbsdədir. Ümumilikdə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 12 üzvü həbsdədir. Onlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıblar./Turan