Narkotikə pul tapmadığı üçün sifarişlə qətl törətməyə razılıq verdi

Yohannes Konqsnes Natland adlı norveçli gənc İranla əlaqəli beynəlxalq cinayətkar dəstə tərəfindən sifariş edilmiş qətl törətmək üçün İngiltərəyə səyahət etməkdə günahkar bilinib.

Xarici KİV-lər xəbər verir ki, Norveçin Stavanger şəhərindən olan 19 yaşlı Yohannes ötən ilin mart ayında naməlum şəxsi 25.000 avro (21.500 funt sterlinq) müqabilində güllələməyə razılıq verib. O, Böyük Britaniyaya gəldikdən iki gün sonra polis onu Haddersfild şəhərindəki oteldə həbs edib və ondan iki silah və sursat götürüb.

17 saatlıq məhkəmədən sonra Old Bayleydəki münsiflər heyəti onu qətl törətməyə hazırlaşmaqda günahkar bilib.

Bildirilir ki pizza restoranında yarımştat işləyən Natland,İran hökuməti ilə əlaqəsi olan İsveç mütəşəkkil cinayətkar qrupu olan “Fokstrot şəbəkəsi tərəfindən əməkdaşlığa cəlb edilib.

Natland məhkəməyə narkotik almağa xərcləyəcəyi pul müqabilində qətl planına razılaşdığını, bunun sadəcə bir "zarafat" və ya "fırıldaq" olduğunu düşündüyünü söyləyib. Daha sonra o deyib ki, sui-qəsdi həyata keçirməmək üçün "ayağına atəş açmağı" planlaşdırıbmış.

Qarşısı alınan qətl planının potensial qurbanı müəyyən edilməyib. Metropolitan polisi bildirib ki, onların terrorla mübarizə üzrə əməkdaşları Natlandın Böyük Britaniyada kimisə öldürmək istədiyini tam bildiyini göstərən xeyli dəlil aşkar ediblər.

Britaniyaya gəlməzdən öncə Natland sevgilisinə belə bir mesaj yazıb: “Çılğın bir missiyaya gedirəm. Kimisə öldürmək bir az gözəl olacaq. Əgər tutulmasam, qeyd etməliyik”.

Məhkəmə Natlandın dostlarından biri deyib ki, təqsirləndirilən şəxs ona “çoxlu pul qazanacağımı və kiminsə öləcəyini” deyərək özünü öyüb.

Prokuror Alistair Richardson deyib ki, əslində təqsirləndirilən şəxs problemli və təhlükəli, pul müqabilində xarici ölkədə adam öldürməyə razılıq verən bir gəncdir.