Türkiyədə İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik ittihamı üzrə istintaq çərçivəsində barəsində saxlanılma qərarı çıxarılmış - geniş izləyici kütləsinə malik "Uzak şehir" serialının "Alya"sı, sevilən aktrisa Sinem Ünsal açıqlama verib.
Stopnarkotik.az xəbər verir ki, Sinem Ünsal bu barədə öz "İnstagram" hesabında paylaşım edib.
"Serial çəkilişləri ilə əlaqədar Mardindəyəm, yayılan xəbərlərdən yeni məlumatım oldu. Adım bu cür məsələ ilə əlaqədar hallandığı üçün çox kədərliyəm. Amma həqiqətin alternativi olmadığını bilirəm və səlahiyyətli orqanların aparacağı prosesə tam şəkildə hörmət edirəm", - deyə aktrisa bildirib.
O, həmçinin ən qısa zamanda İstanbula qayıdacağını qeyd edib.
Xatırladaq ki, İstanbul Beykoz Respublika Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası keçirilib və Emir Can İğrek, Hafsanur Sancaktutan, Mert Demir və Ahsen Eroğlu da daxil olmaqla, ümumilikdə 14 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.