"SalamNews” informasiya agentliyi və “İnterAz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Mircəlal Məmmədovun sözlərinə görə, o "İnteraz"da işləyib: "İnteraz-da video montajçı işləmişəm. Qeyri-rəsmi olaraq 2 aydan çox işləmişəm. Təqsirləndirilən şəxsdən hər hansı bir tapşırıq almamışam. Ordan çıxmağıma səbəb iş baxımından ortaq məxrəcə gəlməməyimiz olub".
Şahid Mübariz Gülməmmədov isə "İnteraz"da bölgə müxbiri olaraq əməkdaşlıq etdiyini deyib: "İnter.az-la əməkdaşlıq etmişəm. Bölgədə baş verən hadisələri ora göndərirdim. 2 ilə yaxın müddətdə qeyri-rəsmi olaraq işləmişəm. İşə hansı səbəbdən rəsmiləşdirilməməyim barədə heçnə deyə bilmərəm".
Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.
Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. O, ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı vergidən yayınmaqda, qaçaqmalçılıqda, narkotik vasitələrin dövriyyəsində və digər bu kimi cinayətlərlə bağlı ittiham verilib.