Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Əliyev mərkəzində şəhər 1, 2 və 3 saylı, eləcə də Gəlmə kənd tam orta məktəbində təhsil alan ümumilikdə 200 artıq yuxarı sinif şagirdinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə polis şöbəsinin əməkdaşları və rayon prokurorluğunun rəhbəri, icra hakimiyyətinin məsul şəxsləri, eləcə də təhsil müəssisələrinin pedaqoji kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Müasir dövrümüzün ən böyük probleminə çevrilmiş və “Ağ ölüm” kimi ad qazanmış narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə şagirdlərə məlumat verən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev, gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıb. Polis rəisi bildirib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir. Siz məktəblilər isə belə şəxslərdən kənar gəzməli, daima təhsilinizdə fərqlənməli və bizim qürur mənbəyimiz olmalısız.
Daha sonra çıxış edən digər məruzəçilər iştirakçılara dəyərli tövsiyələr verərək keçirilən tədbirinin mahiyyətini yüksək qiymətləndiriblər.
Görüşün sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.