Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Qalacıq və Quxur Oba kənd tam orta məktəblərində keçirilən tədbirlərdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Emin Kərimov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb.
Daha sonra çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Ramik Nəzərov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə inspektoru Ülviyyə Çingizzadə, məktəblilərə dövlət və dövlətçilikdən bəhs edərək, onlara sağlam gələcək naminə təhsillərinə daha çox diqqət ayırmalı olduqlarını bildirib.
Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.
Stopnarkotik.az