Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Qaraçay kənd tam orta məktəbində keçirilən maarifləndirmə tədbirində narkomaniyanın fəsadlarından bəhs olunub.
Stopnarkotik.az xəbər verir ki, “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Gürel Məmmədov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. G.Məmmədov Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb.
RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Orxan Şahmarov “ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edib. O, gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.
Stopnarkotik.az