Xəbər verdiyimiz kimi, ABŞ Meksika narkokartellərinə amansız müharibə elan edib. Lakin, görülən tədbirlərə baxmayaraq, narkotrafiki dayandırmaq mümkün olmur.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda Meksika narkokartelləri dövlətlə “dövlətçilik” edəcək qədər maddi-texniki bazaya malikdir. Narkoticarətin yayılmasında bir tərəfdə cinayətkar qruplar və bundan gələn nəhəng pullar şirnikləndirici faktor kimi dursa da, digər tərəfdə tonlarla narkotikin milyonlarla istifadəçisi dayanır. Yəni məsələnin iki tərəfi var: təklif və tələb.
ABŞ müharibə niyyətində qətiyyətini göstərdikdən sonra, CNN-nin “Sinaloa” kartelinin üzvü ilə müsahibəsi ekranlara çıxdı. Bir narkokartel üzvünün gözündən Trampın antiterror siyasətini müzakirəsi maraqlıdır. Çünki bu narkotik istehsalçısının niyə bu işlə məşğul olduğunu ortaya qoyur.
CNN əməkdaşları bu müsahibəni təşkil etmək üçün günlərlə çalışmalı olublar. Onlar bir neçə həftə öz hekayələri üçün qəhrəman axtarıblar, sonra daha bir neçə həftə insanları danışmağa inandırıb, onların FTB və DEA ilə heç bir əlaqəsi olmadığını and-aman edərək, müsahibi yola gətiriblər. Nəticədə onlar Kuliakandakı yaşayış massivinə getməli olublar, söhbət zamanı ratsiyanı söndürməyən və yanında silah saxlayan sinaloalı ilə də rastlaşıblar.
Söhbətdə Tramp hökumətinin “Sinaloa”ya terrorçu damğası vurmasına münasibəti ilə bağlı suala kartel üzvü “Vəziyyət dəhşətlidir, amma nəsə yeməliyik” cavabını verib. Cavabdan belə anlaşılır ki, narkokartelin sıravi üzvünü bu işə təhrik edən dolanışıq məcburiyyətidir.
“İmkanın olsaydı, şəxsən Trampa nə demək istəyərdin” sualına, “Sinaloa” üzvü belə cavab verib ki, bütün hörmətinə rəğmən, onların istehsal etdikləri narkotikin bütün istehlakçıları ABŞ-dadır. Əgər onlar olmasaydı, kartellər bunu çoxdan dayandırardılar.
Müsahibədən anlaşılır ki, hazırda kartelin işləri o qədər də yaxşı getmir, lakin onlar hələ də çıxış yolu tapacaqlarına inanırlar. Məsələn, gözlənilməz basqın zamanı ticarəti davam etdirmək üçün yalnız kiçik partiyalarla narkotik istehsal edilə bilir. Narkotikin daha asan daşınması üçün bütün lazımi avadanlıqları daha kiçik ölçüdə alıblar. Belə anlaşılır ki, narkokartellər daha qaçaraq tempdə işləyə bilməkdən ötrü istehsalın çevikləşdirilməsi və istehsal avadanlığının tez köçürülməsi təcrübəsinə başlayıblar.
Müsahib etiraf edib ki, ticarəti ayaqda saxlamaq üçün polis və hərbi strukturlarda olan mənbələrə daha çox pul xərclənir. Çünki polis və ordudakı “xəbərçilər” qəfil əməliyyatlar haqda vaxtında informasiya ötürür və təcili tədbirlər görülür.
Kartel üzvü onu da deyib ki, hazırda bəzi laboratoriyalar Meksika ordusunun ən az olduğu ştatlara köçürülür.
Sosial mediada bu müsahibə qınağa tuş gəlib, CNN-i kartelə danışmaq üçün platforma verməkdə və qulduru humanistləşdirməyə çalışmaqda ittiham ediblər. Amma bir növ etiraf rolunu oynayan müsahibə yalnız Meksika ilə ABŞ üçün deyil, narkoticarətdən və narkomaniyadan əziyyət çəkən bütün ölkələr və toplumlar üçün də keçərlidir. Elə bizim üçün də. Müsahibədəki dolanışıq məcburiyyəti, istehlakçı və istehsalçı kimi iki tərəflin qarşılıqlı tələb-təklif əlaqəsi, narkoticarətə dövlət qurumlarının içindəki “benefesiar elementlər”in necə töhfə verməsi, onların nəhəng pul dövriyyəsindən “bəhrələndiyi” üçün narkoticarətə şərait yaratması, “xəbərçilər”in narkoticarət şəbəkəsinə necə xidmət etməsi mühüm nüanslardır. Təbii ki, bu nüanslar ümumi şəbəkənin zəncirvari halqaları kimi öz rolunu yerinə yetirməsə, narkoticarət çökər, yaxud ən azından səndələyər. Bu baxımdan, sadalananlar uğurlu mübarizənin açarlarıdır.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az