Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq- külli miqdarda törədildikdə) ilə təqsirləndirilən şəxs Əliyev Sərraf Əliheydər oğlunun məhkəmə prosesinin ilk iclası keçirilib.
Stopnarkotik.az unikal-a istinadən xəbər verir ki, ilkin olaraq cinayət işində zərərçəkmiş qismində "MYPRO" MMC şirkətinin rəhbəri Məmmədov Arif Vaqif oğlu ifadə verib:
"2020-ci illərdə, pandemiya düşən vaxtı mənə tanışlarımdan biri zəng elədi ki, Sərraf adlı bir nəfər səninlə görüşmək istəyir, mən də razılaşdım. Bir neçə saatdan sonra Sərraf mənə zəng elədi ki, mən sizin məhsulları oradan-buradan alıram. Gəl görüşək, söhbət edək. Mən də gəldim görüşdüm, dedi maskaları, əlcəkləri birbaşa səndən alım. Mən də Sədərək Ticarət Mərkəzində tibbi maskaların, əlcəklərin topdan satışı ilə məşğul idim. Sərraf mənə dedi ki, apteklərim olub, mənə atıblar, müflis olmuşam, mənə vəziyyətdən çıxmağa kömək elə. İlk olaraq mən ona 2700 manatlıq maska göndərdim. Sonra məndən tibbi əlcək də istədi, ümumilikdə buna 52 min manatlıq maska, əlcək göndərdim. Maskanı topdan qiymətə 13 qəpikdən verdim. Bir də məlum oldu ki, həmin maskalar bazarda 11 qəpiyə satılır, halbuki bu mal mənə Bakıya 12 qəpiyə otururdu və həmin mal Bakıda ancaq mənim şirkətimə gəlirdi. Bir az araşdırmadan sonra məlum oldu ki, maskanı bazara mayasından aşağı qiymətə Sərraf paylayıb. Malımın bir hissəsini götürə bilsəm də, çox pulumu ala bilmədim. Mənə dedi əvəzinə spirt verim, razı olmadım. İndi mənə 29 min 205 manat verəcəyi qalıb. Deyirəm kimə vermisən? Gedək, heç olmasa, malları barter edəm, pulumu dirildim. Sərraf isə heç birini eləmədi".
Təqsirləndirilən şəxs Sərraf Əliyev zərərçəkənin verdiyi ifadəyə cavab olaraq bildirdi ki, Arif ona ağ maska verib:
"Ancaq həmin vaxt ən çox satılan göy və qara maskalar idi. Mən ondan 400 min ədəd maska almışam. Həmin vaxt bazarda maskanın topdan nağd qiyməti 11 qəpik idi, nisyə isə 13,5 qəpiyə aldım. Arif mənə tibbi maska adı ilə gigiyenik maska satıb".
Hakim Rasim Sadıxov isə hər iki şəxsin maskanı baha satmağına etiraz edib: "Həmin vaxtı sizin 13 qəpiyə aldığınız maskanı biz aptekdən pandemiya vaxtı aşağısı 20 qəpiyə alırdıq. Xalqımızın çətin vaxtı siz niyə o qiymətə maska satırdınız?".
Sonra digər zərərçəkən Elnur Aydın oğlu Süleymanov ifadə verib: "Mən Müdafiə Nazirliyinin Maliyyə Xidmətində işləmişəm, 2019-ci ildə işimi dəyişdim, zabitəm. Rafiq dedi ki, gəl biznesə qoşul, pul qazanaq. Mənə cəmi 11 min 800 manat pul qaytarıb. Ümumilikdə Sərrafa 100 min manat pul vermişəm".
Sərraf Əliyev Elnurun ifadəsinə cavab olaraq bildirib ki, Elnur mənə faizə pul verib, mənimlə şərik olmayıb. Verdiyi pulların arasında 5 ay fərq olub. İlk dəfə 70 min sonra isə 30 min manat pul verib. Hətta mənə 500 min manat bir dəfəyə faizə pul təklif edib.
Məhkəmənin gedişində məlum olub ki, bu işdə zərərçəkən qismində tanınan Məmmədov Rafiq 700 minlik dələduzluğa görə həbs olunub, Elnur isə onu Bakı İstintaq Təcridxanasından ziyanını ödəyərək çıxardıb.
Qeyd edək ki, cinayət işində 2 nəfər və bir şirkət zərərçəkmiş qismində tanınıb.
Növbəti məhkəmə prosesi 23 iyul tarixinə kimi təxirə salınıb.