Müdafiə Nazirliyində "Dayı" kimi tanınan yüksək vəzifəli şəxs həbs olundu - YENİLƏNİB

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyevin vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

“Hazırda Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, - məlumatda qeyd edilib. 

*** 18:54

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub. 

Stopnarkotik.az xəbər verir ki, söhbət Quru Qoşunların mühasibi Alı İsrayıl oğlu Əliyevdən gedir.

Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.

Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat Hərbi Prokurorluqdan təsdiq edilib.

Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.