Moskvaya yenidən PUA-larla hücum edildi

Rusiyanın paytaxtı Moskva şəhərinə yenidən hücum edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, zenit bölmələri Moskvanı hədəfə alan pilotsuz uçuş aparatlarını (PUA) vurub, ancaq nəzarətdən çıxarılan PUA hündürmərtəbəli binaya dəyib. 

“Moskva Siti” göydələni üzərinə düşən PUA elektron müharibə ilə sıradan çıxarılıb. Daha iki PUA isə Moskva vilayətinin Odintsovo və Naro-Fominski rayonları üzərində hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib. 

Moskva meri Sergey Sobyanin bildirib ki, "Moskva Siti"nin 21-ci mərtəbənin fasadına ziyan dəyib, 150 kvadratmetrdən çox ərazinin şüşələri dağılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Moskvaya edilən hücum zamanı da "Moskva Siti" göydələni vurulmuşdu. 

Nazirlik hücuma görə Ukraynanı ittiham edib. Paytaxtdakı üç böyük hava limanından biri olan Vnukovo  qısa müddətə bağlanıb, lakin daha sonra tam fəaliyyətini bərpa edib.

TASS agentliyi bildirir ki, PUA-ların qalıqları müəyyən edilib və texniki ekspertiza üçün göndəriləcək.