Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Stopnarkotik.az apa-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərin işi üzrə vəkillər vəsatətlə çıxış edib. Hər üç şəxsin vəkili müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılmasını istəyiblər.
Məhkəmə heyəti vəsatətləri təmin etməyib.
İş üzrə baxış iclası sentyabrın 15-nə təyin olunub.
Qeyd edək ki, iki polkovnikə – Fikrət Mirzəyevə və Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanova isə 179.4, 341.2.1 və digər maddələr ilə ittiham irəli sürülüb.
Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər üç polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər.
Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. M.Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb. M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.