“Bu gün Abşeronda qanuni evimizə çıxarış almağımız uzun müddətli və keşməkeşli bir mübarizəyə dönüb. Əmlak Xidmətindən deyirlər ki, Ədliyyə Nazirliyi bizə lazım olan cavabı vermir, Ədliyyə Nazirliyi Baş Notariat İdarəsindən isə deyirlər ki, biz 3 dəfə cavab vermişik, sistemdə özləri baxıb nəyi lazımdırsa öyrənə bilərlər. İndi kimin haqlı olduğunu bilmirəm, amma mənim haqsız yerə süründürməçiliyə uğradığım danılmaz həqiqətdir. Təəssüflər olsun ki, bir sıra qurumlarda bürokratik süründürməçilik hələ də “köhnə qayda”da davam etməkdədir”.
Bunu keçmiş jurnalist, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 8, ev 23 ünvanında yaşayan Rüfət Seyidəhməd oğlu Əhmədzadə İqtisadiyyat Naziri Mikayıl Cabbarova, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə, Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin rəisi İlqar Məmmədova, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 Saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimova media vasitəsilə ünvanladığı müraciətində yazıb.
R.Əhmədzadə qeyd edir ki, 2004-cü ildə Masazır Bələdiyyəsindən sərəncamla aldıqları sənədlərdə məmurlar hansısa uyğunsuzluq axtarır, onları get-gələ salırlar.
“Keçmiş rayon rəhbərliyi və sonradan korrupsiyaya görə həbs olunmuş baş memar Akif Əliyev müxtəlif vasitələrlə evə çıxarış almağımıza süni əngəllər törədib. Belə ki, anam Gülarə Məcidovaya 2021-ci ildə evi satmaq üçün bir aylıq Forma-1 verilmiş, amma anam onun mahiyyəti barədə məlumatlı olmadığından və o zaman satmaq gərəyi duymadığından həmin sənədi evdə bir kənara qoyub. Təbii ki, mənim də bundan xəbərim olmayıb. 2023-cü ilin yanvar ayında mənim maddi problemlərim artmağa başladı və evi sataraq, ailəliklə xaricə daşınmağa qərar verdik. Lakin məmur süründürməçiliyi üzündən həm o təkliflər qüvvədən düşdü, həm də borclarım və problemlərim ikiqat artdı. Borclarım 5-6 ayda o həddə çatıb ki, bu gün evimə çıxarış da alsam, tələsik satsam da, əlimdə birotaqlı mənzil almaq üçün belə pul qalmayacaq”,- şikayətçi bildirir.
R. Əhmədzadə qeyd edir ki, Gülarə Məcidova Abşeron 4 saylı Ərazi İdarəsinə bu il yanvar ayında müraciət edərkən, həmin Forma -1 arayışını və bütün lazımi sənədləri geri verib:“Evimizə aid sənədlərin saxta olmadığı da sübut və təsdiq olunub. Yenidən müraciət isə may ayında mənim tərəfimdən edilib. Lakin 4 saylı Abşeron Ərazi İdarəsi hələ də nə mənə konkret cavab verir, nə də müraciətimi rədd edir. Abşeronda mənə deyirlər ki, Forma-1 idarəyə geri verilməyib. Bu həqiqətə uyğun deyil, yanvar ayında orijinalını bizdən alıblar. Və daha sonra deyirlər ki, biz sistemə baxıb əmin ola bilmirik ki, siz bu evi satmısınız yoxsa yox. Ədliyyə Nazirliyində isə mənə bildirirlər ki, onlara cavab verilib və bildirilib ki, “reyestrdə özləri baxa bilərlər”. Hətta telefonda aldığım cavab o oldu ki, 11 dövlət qurumu eyni sistemə baxa bilər və “kimsə bizə işimizi öyrədə bilməz”.
Şikayətçi xatırladır ki, son illərdə G. Məcidova tərəfindən yalnız bir əməliyyat reyestrə düşüb. O, həmin əməliyyatın bu ilin may ayında öz adına verilən etibarnamə olduğunu bildirir.
R. Əhmədzadə müraciətinin sonunda çıxılmaz bir vəziyyətdə olduğunu, Abşerondakı məmur süründürməçiliyinin onu intihar həddinə çatdırdığını bildirərək, bu məsələnin tez bir zamanda həll olunmasını xahiş edir./azpolitika.info