Bu ilin yanvarında burun-boğaz əməliyyatından sonra ölən 9 yaşlı Ağasəlim Nadirlinin ailəsi təyin edilmiş ekspertizanın cavabından narazıdır.
Stopnarkotik.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən A.Nadirlinin anası Günel Nadirli bildirib ki, “Xətai” Tibb Mərkəzində burun-boğaz əməliyyatı olan və fevralın 1-də vəfat edən 2014-cü il təvəllüdlü oğlunun ölümünə onun keçirdiyi cərrahi əməliyyatın səbəb olub.
O deyir ki, bu, ekspert rəyində qeyd edilməyib. Baş vermiş hadisə ilə bağlı cinayət işinin açılmasını tələb edən ailə təkrar ekspertizanın təyin edilməsini və məsələyə düzgün hüquqi qiymət verilməsini istəyir: “Oğlum Nadirli Ağasəlim Vüqar oğlu 25.01.2023 tarixində “Xətai” Tibb Mərkəzi adı verilmiş keçmiş Əfəndiyev adına xəstəxanada burun-boğaz ətindən əməliyyat keçirdi. Belə ki, oğlumun burun-boğaz əti çox böyük idi, qulağına karlıq verirdi. Ərazi üzrə qeydiyyatda olduğumuz poliklinikadan tibbi sığorta əsasında göstəriş verildi. Cərrah Səyyaf Təhməzov tərəfindən tibbi sığorta ilə əməliyyat edildi, uşaq səhəri gün evə buraxıldı, həkim yoxladı, üstdən baxdı və dedi ki, gedə bilərsiniz”.
Günel Nadirli bildirib ki, əməliyyatın 7-ci günündə evdə olarkən oğlunun burnundan və ağzından qanaxma başlayıb: “Dəhşətli qanaxma başlamışdı. Biz Əhmədlidə oluruq, tez öz maşınımızla Həzi Aslanovdakı təcili tibbi yardım stansiyasına apardıq ki, qanı kəssinlər. Orada müdaxilə etdilər, amma dedilər gecdir. Xahiş etdim ki, bizi təcili tibbi yardım maşını ilə Əfəndiyev adına xəstəxanaya çatdırsınlar, çünki uşaq orada əməliyyat olunub. Lakin heç kim yaxın durmadı, məcbur öz maşınımızla apardıq.
Oraya çatan kimi otağa saldıq, müdaxilə edildi. Sonra çıxıb soruşdular ki, uşaq nə yeyib? Məni günahlandırmaq istəyirdilər. Mən də çox pis vəziyyətdə idim. Çünki həmin vaxt qızım da əməliyyat olunmuşdu, ona da nəsə olar deyə çox qorxurdum. Dedim heç nə yeyə bilmir uşaq, nə yeyəcək ki, elə evə gələn gündən qızdırmalı idi. Bu hadisədən sonra qızımı yenidən həmin xəstəxanaya yatızdırdıq, görsünlər ki, qızım da pis haldadır, 1 həftə ərzində qızım yenidən xəstəxanada yatdı”.
Şikayətçi iddia edib ki, oğlu Ağasəlim Nadirli əməliyyat edilərkən həkimlər onun boğazından keçən şah damarı zədələyiblər: “Hadisə ilə bağlı 2 dəfə ekspertiza təyin olunub, Birincisi qanaxmadan boğulma, ikincisi isə əməliyyatın ekspertizası. Lakin cavabda bildirildi ki, guya əməliyyat normal keçib. Biz isə cavabdan narazıyıq. Əgər hər şey qaydasında olubsa, mənim uşağımın arterial damarı niyə partlamalı idi, niyə evdə ölməli idi? Uşağım nədən rəhmətə getdi, niyə qanaxma oldu? Əgər bu uşaq qida qəbul edə bilmirdisə, əgər həkim damarı zədələməyibsə və yaxud damarı yaxşi bağlamayıbsa, qanaxmanın səbəbi nədir? Bu suallara hələ də doğru-düzgün cavab ala bilmirik. Qanaxma əməliyyatın 7-ci günü evdə durduğu yerdə başladı, öskürdü və ağız-burnundan qan gəlməyə başladı, nə edəcəyimizi bilmirdik, həkimə zəng etdik, dedi gətirin yanıma. Lakin artıq uşaq dünyasını dəyişmişdi. Yenidən eyni suallarla ekspertizaya müraciət edəcəyik. Amma bilirəm ki, yenə narazı qalacağıq. O həkim də hazırda öz işində davam edir”.
Şikayətçi hadisə ilə bağlı prokurorluq tərəfindən cinayət işinin açılmasnı və oğlunun ölümünə səbəb olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edib.
Qeyd edək ki, Ağasəlim Nadirli 261 saylı məktəb-liseyin 3-cü sinif şagirdi idi.
Təyin edilmiş ekspertizanın nəticələri və araşdırmaların gedişatı ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanlanıb.