Ölkədə son zamanlar məktəblilər arasında bıçaqlanma hadisələri artıb. Məktəblilər üzərlərində onlara məktəb daxilində gəzdirilməsi və istifadəsi qadağan edilmiş vasitələr götürürlər. Son olaraq, Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin, 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb.
Bəs Elm və Təhsil nazirliyi bu cür hadisələrin qarşısını alınması istiqamətində hansı tədbirləri görür?
Məsələ ilə bağlı nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, tədrisin təşkili ilə yanaşı tərbiyə işlərinin də təkmilləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yeni “Şagird davranış qaydaları” hazırlanıb, geniş ictimaiyyətin müzakirəsinə verilib, ölkənin bir sıra məktəblərində pilot layihə kimi tətbiq olunmuşdur. Seçmə yolla həmin məktəblərin bəzilərində monitorinqlər aparılmış, yeni “Qaydalar”ın tətbiqindən şagirdlər, valideynlər və müəllimlərin razı qaldıqları müəyyən edilmişdir.
Həmçinin bildiririk ki, tədrisin təşkili ilə yanaşı tərbiyə işlərinin də təkmilləşdirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir", - deyə məlumatda qeyd edilib.