Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbulda İsrailin “Mossad” Kəşfiyyat Xidmətinə qarşı əməliyyat keçirib.
Türkiyə mətbuatı xəbər verir ki, İstanbul Prokurorluğu ilə koordinasiyalı şəkildə aparılan istintaq çərçivəsində “Mossad”-ın Türkiyədə yaratdığı daha bir casus şəbəkə ifşa edilib.
Məlumata görə, 1,5 illik təqibdən sonra “Mossad”-ın Türkiyədə İranla ticarət əlaqələri olan 1 şirkət və 23 şəxsi addım-addım təqib edən 15 nəfərlik casus şəbəkəsi çökərdilib.
Həmin şəxslərdən birinə göndərilən təhdid paketi 1,5 il ərzində izlənilən şəbəkənin deşifrə edilməsinə şərait yaradıb.
Əldə edilən məlumata görə, “Mossad” keçmiş FETÖ fərarisi və TSK-nın keçmiş əməkdaşı Serkan Özdemir vasitəsilə casus qrupunun rəhbəri Səlcuq Küçükkayaya ilə əlaqəyə keçib.
Bundan sonra özlərini Hose-Jorhe Satia, Tomas Alfonso və Raul kimi təqdim edən “Mossad” üzvləri müxtəlif vaxtlarda Küçükkaya ilə görüşüblər. Küçükkaya ilə “Mossad” arasındakı təmaslar əsasən Avropa ölkələrində üzbəüz şəkildə baş tutub. Küçükkaya bu görüşlərdə “Mossad” rəhbərləri tərəfindən bir sıra yoxlanışlardan keçib.
5-ci görüşdə “Mossad” Küçükkayaya casusluq təklifi edib. Daha sonra “Mossad”ın Türkiyədə hədəf aldığı şəxsləri izləmək üçün Küçükkayaya casusluq təhsili verilib və gizli ünsiyyət sistemi öyrədilib.
Öyrəndiyi bu sistem vasitəsilə “Mossad” ilə əlaqə saxlayan Küçükkaya, təlimat əsasında izlədiyi insanlar haqqında topladığı məlumatları “Mossad”a ötürüb. Küçükkaya hədəfindəki şəxslərin ailə üzvlərinin xarici giriş-çıxış qeydləri, telefon danışıqları və siqnal məlumatları, bank hesabları və mal varlıqları kimi məlumatları toplayıb və “Mossad”a təqdim edib.
Küçükkayanın hətta hədəf olan şəxsə təhdid paketi göndərdiyi də müəyyən edilib.
Məlumata görə, Küçükkaya hədəfindəki şəxsləri izləmək üçün özü də daxil olmaqla 15 nəfərdən ibarət komanda yaradıb. Küçükkaya və köməkçisi Musa Kuşun 2 ay əvvəl həbs olunduğu, ötən gün baş tutan əməliyyatda isə daha 11 nəfərin həbs edildiyi bildirilib./azpolitika.info