Bakı Apellyasiya Məhkəməsində qardaşını qumbara ilə öldürməyə cəhddə təqsirləndirilən Ramin İsakov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, Ramin İsakov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Rəşad İsakzadənin Maştağada yerləşən evinin həyətinə qumbara atıb. Evdə qardaşından əlavə, qardaşının azyaşlı iki uşağı və həyat yoldaşı olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Ramin İsakova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.