Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Fərid Yusifovun (şərti) kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Fərid Yusifovun şikayətini təmin etməyib.
İttihama görə, hadisə 04 mart 2023-cü il tarixdə, saat 15:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, Fərid Yusifov atasının küçədə idarə etdiyi “Qazel” markalı avtomobildə gedərkən yolda tıxac yaranıb. Bu zaman zərərçəkmiş Mahir Rəfiyev (şərti) onun atasının üstünə qışqıraraq avtomobili niyə küçəyə sürdüyünə irad bildirib. Tərəflər arasında sözlü mübahisə yaranıb. Daha sonra Fərid maşından düşərək Mahirin çənəsinə yumruq zərbəsi endirib. Zərbənin təsirindən zərərçəkmiş müvazinətini itirib yerə yıxılıb, başı yerə dəyməsi nəticəsində qapalı kəllə beyin travması alıb.
Hadisədən sonra Fərid Yusifov cinayət məsuliyyətinə cəlb edilib./pravda.az