Lənkəranda diş həkiminin bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisəni törədən Nihad Malızadə bıçaqlanan Cəlal Azadovla qonşu olub. Onun atası diş həkiminin qardaşının çayxanasında xidmətçi işləyib və nöqsanlara görə işdən çıxarılıb. Atasının işdən çıxarılmasına aydınlıq gətirmək üçün Nihad Malızadə çayxanaya gedib. Həmin vaxt çayxanada olan Cəlal Azadov Nihadı sakitləşdirməyə çalışıb və onu çayxanadan uzaqlaşdıraraq, öz maşını ilə evə aparmaq istəyib. Bu zaman Nihad Malızadə üzərində olan bıçaqla Cəlala Azadova zərbələr endirib. Sükan arxasında olan Cəlal Azadov idarəetməni itirib. Avtomobil qarşıdan gələn digər maşına çırpılıb. Cəlalın vurulduğunu görən qardaşı onu təcili xəstəxanaya çatdırıb.
Cəlal Azadovu əməliyyat edən həkim Rəşad Fərzullayev bildirib ki, xəstə ağır vəziyyətdə xəstəxanaya qəbul olunub və əməliyyata götürülüb. C.Azadov 20-yə yaxın kəsilmiş-deşilmiş xəsarət alıb. Onun vəziyyəti orta ağırdır./apa
***13:11
Lənkəranda diş həkimi bıçaqlanıb.
Hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi,1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.
Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə təsdiqli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır./report