Lənkəranda dənizdə iki nəfər batmaq təhlükəsi ilə üzləşib. Onlardan biri yeniyetmə qızdır.
Xəzər dənizində boğulmaq təhlükəsi ilə üzləşənlərdən biri Masallı rayonunun Yeddioymaq kənd sakini, 2007-ci il təvəllüdlü yeniyetmə qızdır. Hadisə rayonun Sütəmurdov kəndində baş verib.
Digər hadisə isə şəhərin “Kiçik bazar” məhəlləsi deyilən ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonundan Lənkərana qonaq gələn 2003-cü il təvəllüdlü Ramin Ramil oğlu Qurbanov dənizdə çimərkən batıb. Ətrafdakıların köməyi ilə onu sudan çıxarmaq mümkün olub.
Hər iki halda sakinlər təcili tibbi yardım xidmətinə məlumat veriblər. İlkin zəruri tədbirlər görüldükdən sonra xilas edilən şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər ikisinin vəziyyətləri ağır qiymətləndirilir. Yeniyetmə qızın ciyərlərinə su dolduğu bildirilir.