Ötən gecə Kürdəmir rayonunda qətl hadisəsi törədilib.
Stopnarkotik.az bildirir ki, 55 yaşlı Cümşüd İslamov saat 23 radələrində Kürdəmir Mərkəzi Xəstəxanasının qarşısında - 69-cu məhəllə adlanan ərazidə dostu, 46 yaşlı Müşfiq Məmmədovu güllələyib.
“Makarov” tipli tapançadan açılmış 3 güllə xəsarəti alan şəxs dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. C.İslamov saxlanılıb.
Hadisə dostlar zarafatlaşarkən işlədilmiş söyüşə görə baş verib. Belə ki, əvvəllər quldurluq, adam oğurluğu kimi cinayətlərə görə məhkum edilmiş və kriminal dairələrdə “Cümü” ləqəbi ilə tanınan C.İslamov 3 gün əvvəl Müşfiqlə telefonla danışarkən aralarında anlaşılmazlıq olub. Cümşüd dostuna görüşərik, “həmin sözü üzümə deyərsən”, deyib. Bakı şəhərində yaşayan M.Məmmədov isə iyunun 11-də Mingəçevirdə oğlunun magistratura imtahanının olduğunu və iyunun 10-da Kürdəmirə gələcəyini deyib.
Ötən gün axşam saat 23 radələrində onlar M.Məmmədova məxsus evin yaxınlığında görüşüblər. M.Məmmədov oğluna maşında gözləməsini deyib və bir qədər kənara çəkilərək dostu C.İslamovla söhbət etməyə başlayıb. Bu zaman ardıcıl atəş səsləri eşidilib. Maşından düşərək hadisə yerinə qaçan M.Məmmədovun oğlu atasının güllə xəsarətləri aldığını görüb. O, dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, vəfat edib. Bildirilir ki, C.İslamov həbsdə olduğu müddətdə M.Məmmədov ona və digər dostlarına daim dəstək verirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Stopnarkotik.az