“Kupça”sız evlər sığorta pulu ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA

Son günlərdə redaksiyamıza sığorta şirkətləri ilə bağlı çoxsaylı şikayətlər daxil olub.

Belə ki, bəzi sığorta şirkətləri sənədsiz evlərdə yaşayan insanlara sığorta pulunu ödəməklərini tələb edir. Hətta şirkət nümayəndələri bunun məcburi olduğunu da iddia ediblər.

Bəs, həqiqətən də sənədi olmayan evlər sığorta pulunu ödəməlidirmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, sənədsiz evlərin sığortaya cəlb edilməsi mümkün deyil. 

Onun sözlərinə görə, bununla bağlı hər hansı bir mexanizm hazırlansaydı belə, bu hüquqi cəhətdən yenə də doğru olmazdı:

“Çünki bir şeyin sənədi yoxdursa, deməli o hüquqi cəhətdən yoxdur. Bu baxımdan sənədsiz evlərin sığortaya cəlb edilməsi düşünürəm ki, nə doğrudur, nə də mümkündür. Sənədsiz evlərdən sığorta pulunun ödənilməsinin tələb edilməsi məsələsinə gəldikdə isə bu artıq aidiyyəti qurumların problemidir. Həmin qurumlar bu cür özbaşınalıqlarla mübarizə aparmalıdır”./lent.az