Külli miqdarda vergini büdcədən yayındıran şəxs həbs edildi

Azərbaycanda külli miqdarda vergini dövlət büdcəsindən yayındıran şəxsi həbs edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan “çəkindirmə” metodlarından (“naming and shaming”) istifadə edilməsinə və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərin işləri barədə məlumatların açıqlanmasına başlayıb. Vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə vergi orqanlarına sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclər barədə bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi ilə bağlıdır.

Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Alməmmədov Mehman Allahverdi oğludur. Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış “Caspi LTD” MMC, “OCEAN-2017” MMC, “Tersavuu” MMC, “Hentomm” MMC, “Uğur Servis-H” MMC, “Simus Trade” MMC, “Klassik Trade Group” MMC, “Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Firat Ticarət” MMC, “Malibu Finans” MMC, 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Volta-M” MMC, “Koressa” MMC, “Qrand Reklam” MMC, “Kvazi S” MMC, 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış “Grand Star” MMC və “Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub.

Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, Mehman Alməmmədovun Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin istintaqdan yayındığı üçün axtarışa verilib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Baş Prokurorluğa təqdim olunub, oradan isə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli hökmü ilə M.Alməmmədov Mehman Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 06.12.2022-ci il tarixli hökmü ilə o, digər bir cinayət işi üzrə CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il sahibkarlıq sahəsində vəzifə tutma, 3 il azadlıqdan məhrumetmə cəzasına əvvəlki cəza əlavə olunaraq, ümumilikdə 2 il 6 ay müddətində sahibkarlıq sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

“Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatların daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət tərkibi yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək”, - deyə məlumatda qeyd olunub.