Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - YENİLƏNİB

Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısından fasilələrlə yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur.

Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib. Bu barədə Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb.

"Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”.