Türkiyədə prezident seçkilərinin ikinci turunda Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 53,59 faizi ( 2644 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 46,41faizi, (2290 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.
Azərbaycanda olan səsvermədə cəmi 4983 Türkiyə vətəndaşı səs verib. Onlardan 4934 səs etibarlı sayılıb, 49 səs etibarsız hesab edilib. Seçici aktivliyi isə 57,75 faiz olub.
Xatırladaq ki, prezident seçkilərinin birinci turunda da ölkəmizdə səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləmişdi.
Belə ki, mayın 14-də baş tutan seçkidə Azərbaycandakı seçicilərin 49,42%-i (3263 səs) Ərdoğana səs vermişdi. Bununla yanaşı, seçicilərin 41,92 faizi (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna, 6,42 faizi (424 səs) isə “ATA” ittifaqının namizədi Sinan Oğana səs vermişdilər.
Namizədliyini geri götürən Məmləkət Partiyasının sədri Muharrem İnce isə səslərin 2,24 faizini (148 səs) toplamışdı.
Stopnarkotik.az