İstirahət mərkəzinə gedən avtobus qəzaya düşdü: ÖLƏNLƏR VƏ YARALILAR VAR - YENİLƏNİB-1

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan doqquz nəfər (səkkiiz qadın, bir kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan üç nəfərin vəziyyəti orta ağır, altı nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

***11:35

İyunun 6-da saat 10 radələrində Y.Bağırovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.

***11:19

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çoxlu sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.