Xəbər verildiyi kimi “Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib. İddialara görə xanım maşinistin işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq etsə də, Günay Həbiblinin işdən azad olma səbəbini açıqlamayıb. O, bildirib ki, xanım maşinistə metroda başqa iş təklif edilib, amma o, həmin təklifi qəbul etməyib.
Stopnarkotik.az xəbər verir ki,“Bakı Metropoliteni” QSC-nin keçmiş xanım maşinisti Günay Həbibli işdən çıxarılması ilə bağlı Bizim.Media-ya açıqlama verib.
O, iyunun 17-də öz ərizəsi ilə işdən çıxdığını bildirib:
“Öz ərizəmlə işdən çıxmışam. Məlumatlar yayılıb ki, guya işdən çıxmağıma səbəb qatar idarə edərkən mobil telefondan istifadə etmişəm. Bu doğru deyil. Yalan xəbər yayanları məhkəməyə verəcəm. Qaldı ki, işdən çıxmağıma səbəb, bu barədə hələki danışmaq istəmirəm”.
Qeyd edək ki, Günay Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.