Çərşənbə günü İrəvanda keçirilən etiraz aksiyaları zamanı həm etirazçılar, həm də polis əməkdaşları da daxil olmaqla 101 nəfər xəsarət alıb.
Bu barədə Ermənistanın İctimai Radiosu Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“85 nəfərə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb, qalanlarının müalicəsi davam etdirilir - onlara yüngül və orta dərəcəli xəsarətlər diaqnozu qoyulub”, - açıqlamada qeyd olunur.
Daxili İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, aksiyalar zamanı 18 polis əməkdaşı yaralanıb.
Ermənistanda bir neçə həftədir etirazlar səngimir. İyunun 12-də Ermənistan parlamentinin binası qarşısındakı meydana bir neçə min insan toplaşıb. Nümayişçilər Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb ediblər. Onların əksəriyyəti “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarlarıdır. Onlar baş nazir postuna yeni namizəd kimi hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanı təklif edirlər.