Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında saxlanılan etirazçıların sayı 26 nəfərə çatıb.
Bu barədə "Sputnik-Armeniya"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“News.am” polis rəisi Aram Ovannisyana istinadən bildirib ki, İrəvanda polislə etirazçılar arasında toqquşma zamanı üç polis yaralanıb.
***15:58
İrəvanda Xarici İşlər Nazirliyinin binasının qarşısında polislə etirazçılar arasında toqquşmalar başlayıb.
Stopnarkotik.az xəbər verir ki, polis etirazçıları saxlamağa başlayıb.
Saxlanılanlar arasında deputat Qarnik Danielyan da var.
***15:17
Keşiş Baqrat Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etmək göstərişi verib.
Bu barədə erməni Telegram kanalları məlumat yayıb.
Vəziyyətin gərgin olduğu bildirilir, etirazçılar arasında açıq-aşkar aqressiv əhval-ruhiyyəli təxribatçıların olduğu deyilir.
Polis etirazçıların qarşısını almağa çalışır.
Ermənistan polisi etirazçılara XİN-in binasının xüsusi mühafizə olunan obyekt olduğuna dair xəbərdarlıq edib.
***14:25
Ermənistanın paytaxtı İrəvan şəhərində qarşıdurma yaranıb.
İrəvanda Xarici İşlər Nazirliyinin binasında keşiş Baqrat Qalstanyanın tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.
Hazırda binanın qarşısına əlavə polis qüvvələri cəlb olunur.
“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyandan etirazçıların yanına gəlməsini tələb edib, əks təqdirdə, özlərinin birbaşa nazirin otağına getməyə hazır olduqlarını bəyan edib.
Erməni Telegram kanalları Qalstanyanın qadınlara geri çəkilmələri üçün göstəriş verdiyini və insanları toqquşmağa hazırladığına dair məlumat yayıb.