“Kanada və Fransadan kəşfiyyat strukturlarında çalışmış şəxslər cəlb olunub”
“Bu “600” nəfərə Ermənistan hərbi forması geyindirib...”
Bir neçə gündür artıq Ermənistanda “kök” salmış Avropa İttifaqı “müşahidəçiləri”nin Azərbaycanla şərti sərhəddə yerləşən ərazilərdə yenidən fəallaşmağa başladıqlarını görürük.
Belə ki, yerli mətbuatda yayılan görüntülərə əsasən, ötən gün minik avtomobilləri ilə Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə gələn 6 nəfər Aİ “müşahidəçisi” və bir nəfər erməni hərbi qulluqçu xüsusi cihazlarla 2 saata yaxın müşahidələr aparıblar. “Müşahidəçilər” həmin gün saat 13 radələrində bu dəfə Zəngilan rayonu ilə sərhəddə peyda olub, gündüz görmə cihazı vasitəsilə kəndlərimizi müşahidə ediblər.
Sözügedən hadisədən 1 gün əvvəl – 29 oktyabrda isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına üzərində Fransa bayrağı dalğalanan avtomobildə “müşahidəçilər”in gətirilməsinə dair görüntülər ortaya çıxıb.
Bir sıra iddialara görə, həmin şəxslər Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olublar. Öz kəşfiyyat qruplarını Azərbaycanla sərhədə yerləşdirən Fransanın Ermənistanda revanşist qüvvələrə dəstək verərək regionda yeni bir müharibə axtarışında olduğuna dair iddialar da səsləndirilir. Qeyd edək ki, 2 ilə yaxındır Azərbaycanla şərti sərhədə yerləşdirilən Aİ “müşahidəçiləri”nin sayı bu müddətdə 10 dəfəyə yaxın artırılıb. Hazırda onların sayının 400 nəfər civarında olduğu təxmin edilir.
Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Olivier Dekottini İrəvanda yerli mətbuata müsahibəsində Avropa İttifaqının Ermənistandakı missiyasını genişləndirməyi planlaşdırdıqlarını bildirib.
Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika”-ya şərhində bildirib ki, bütün bunlar ilk başlarda Avropa İttifaqının “mülki missiya” adı altında şərti sərhəd ərazilərində patrul xidməti keçən əməkdaşlarının gələcəkdə hərbiləşdirilmiş bir missiyanın icraçısına çevriləcəyindən xəbər verir.
Ekspert qeyd edir ki, Aİ gələcəkdə bu “müşahidəçilər”in sayını 600 nəfərə qədər artırmağı hədəfləyir:“Bu şəxslər şərti sərhədə gəlir, “binokul diplomatiyası” adı altında məlumatların toplanmasını həyata keçirirlər. Fransa bayrağı ilə subliminal mesaj veirirlər ki, bölgədə Ermənistanı dəstəkləyən qüvvələr “xristian klubu” yaradaraq din faktoru üzərindən Azərbaycan-Ermənistan düşmənçiliyinin davam etdirilməsini hədəfləyirlər. Məqsəd həm də Ermənistan ərazilərinin Fransa moderatorluğunda Aİ-nin nəzarətinə keçməsidir. “Müşahidəçi” olaraq bura Kanada və Fransa başda olmaqla, dünyanın müxtəlif ölkələrinin güc və kəşfiyyat strukturlarında çalışmış şəxslər cəlb olunub. Günün birində bu “600” nəfərə Ermənistan hərbi forması geyindirib hər hansı bir təxribat törətmək onlar üçün çətin məsələ deyil. Bu əslində NATO missiyasıdır. Ölkə başçısı da Milli Məclisdəki çıxışında bunu vurğulamışdı”.
Ekspert qeyd edir ki, Ermənistan gələcəkdəki mümkün üçüncü müharibə zamanı əməliyyatların necə idarə olunmasına hazırlanır: “Əlbəttə, burada Fransa Azərbaycana qarşı düşmənçiliyini gizlətmir. Artıq informasiya cəbhəsində də bu açıq-aşkar özünü biruzə verir. Türkfobiya, Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq, Türk Birliyinin güclənməsinin önünə keçmək kimi məsələlər Fransanın başlıca vəzifəsidir. Çox çirkin və əhatəli planlar var. Brüsseldə və Pentaqonda planlar hazırlanır. Onu da qeyd edim ki, şərti sərhəd ərazisinə Fransa bayrağının gətirilməsi da böyük planların bir hissəsi hesab oluna bilər”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Azərbaycan sərhədlərində baş verən proseslər, o cümlədən Ermənistanın intensiv bir şəkildə silahlanması, Avropa İttifaqının casus missiyasının mövqelərimiz önündə kəşfiyyat xarakterli fəaliyyətləri intensivləşdirməsi bir daha onu göstərir ki, Ermənistan COP-29 tədbiri ərəfəsində növbəti təxribatlar törətmək üçün hazırlıqlara başlayıb.
Ekspert qeyd edir ki, bu təxribatlar böyük ehtimalla Fransanın təzyiqi və təhriki altında həyata keçiriləcək:“Daha əvvəl törədilən təxribatların Ermənistana hansı itkilərlə başa gəldiyi hər kəsə yaxşı məlumdur. Hesab edirəm ki, Azərbaycan ölkəmizdə keçirilən beynəlxalq tədbirlər fonunda özünü müəyyən qədər təmkinli aparamağa çalışır. Lakin bizim səbrimizin və təmkinimizin də bir həddi, hüdudu var. Ermənistan və onu Azərbaycanla təxribatlara təhrik edən qüvvələr diqqətə almalıdırlar ki, Azərbaycan ordusunun sərhədlərdə xidmət aparan şəxsi heyyəti COP-29- la əlaqəli tədbirdə iştirak etmir... Onların vəzifəsi Azərbaycanı xarici təsirlərdən qorumaqdan ibarətdir. Bu tədbir cəmi 10 gün davam edəcək. Azərbaycan bundan sonra ölkəmizə qarşı təxribat törədənlərə kifayət qədər ciddi və sarsıdıcı cavablar verəcək”./azpolitika.info