İNSAN ALVERİ: qadınları İrana aparan şəxslə bağlı qərar verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində İnsan alverində təqsirləndirilən Nailə Təhməzovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, cinayət işinin materialları öyrənilərkən Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının olması müəyyən olunub.

Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi CPM-in 74.3-cü maddəsini rəhbər tutaraq, yəni xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycanda axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aid olmasını əsas götürərək qadın barəsində olan cinayət işini onun faktiki olaraq yaşamadığı, sadəcə formal qeydiyyatda olduğu Ağstafa rayonunun yurisdiksiya üzrə aid olduğu Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bununla belə, iş materiallarında olan Ağstafa RİH başçısının məktubundan görünür ki, Nailə Təhməzova Ağstafa şəhərində qeydiyyatda olmasına baxmayaraq, həmin mənzildə digər şəxs ailə üzvləri yaşayır. Qonşularla tərtib edilmiş akta əsasən, də təqsirləndirilən şəxs Bakı şəhərinə köçüb, Binəqədi rayonu ərazisində qeydiyyatsız yaşayır.

Qərara əsasən, təqsirləndirilən şəxsin cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğu üçün həmin məsələnin həllindən ötrü, yəni cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində və ya Lənkəran Ağır Cinayətlər Məhkəməsində yaxud da Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması məsələsini müəyyən etmək üçün həmin cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Nailə Təhməzova barəsində seçilmiş həbs qətimkan tədbiri aidiyyəti üzrə müvafiq ağır cinayətlər məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttihama görə, Nailə Təhməzova iş üzrə zərərçəkmiş qismində tanınan qadınları 2016-2019-cu illərdə Masallı rayonu ərazisində görüşərək aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə onların razılığını aldıqdan sonra Azərbaycanın dövlət sərhədindən keçirməklə İrana aparıb, həmin şəxslərə qarşı insan alveri cinayətini törədib. O, İranda aldadıb apardığı qadınları zorla kişilərlə görüşdürüb, cindi istismar edib. Eyni zamanda, Nailə etiraz edən qadınlardan birinin pasportunu götürüb saxlayıb./pravda.az