Səhiyyə Nazirliyi 28 may - Müstəqillik Günü ilə bağlı Şəki şəhərində maarifləndirici aksiya və “İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil edib.
Stopnarkotik.az xəbər verir ki, nazirliyin Şəki Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır. Budəfəki tədbirdə kollecin tələbələri tərəfindən asfiksiya, avtomobil qəzası, bədbəxt hadisələr və digər fövqəladə hallar zamanı zərərçəkən və xəsarət alan şəxslərə həkiməqədər ilk tibbi yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi ölçülüb. Kollecin tələbələri, həmçinin ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını nümayiş etdiriblər. Sonra aksiya iştirakçılarına məlumatlandırıcı bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb olub.
Daha sonra Şəki Tibb Kollecinin tələbələrinin iştirakı ilə İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil olunub. Fleşmobda kollecin tələbələri tərəfindən Müstəqilliyimiz Gününə həsr olunan “28 May” sözləri vizual olaraq nümayiş etdirilib.
Həmçinin, “İlk tibbi yardımı öyrən - tətbiq et!” adlı viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar təqdim olunub.
Tədbir zamanı xeyriyyə məqsədli kampaniya da keçirilib. Kampaniyada kollec tələbələrinin hazırladığı əl işləri, suvenirlər və digər məhsulların satışından əldə olunan vəsait Şəki Şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan uşaqlara “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə hədiyyələrin alınmasına yönləndirilib.
Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.