Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov azadlığa buraxılıb.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Emin Sadıqov cəzasının 2/3 hissəsini çəkdiyi səbəbindən qalan məhkumluq müddəti şərti hesab olunub. O, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, E. Sadıqova son olaraq 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi. Onun cəzasının başlanğıcı 2021-ci ilin 21 oktyabr tarixindən hesablanıb.
Xatırladaq ki, sabiq icra başçısı Ceyhun Cəfərov və rayonun bir sıra vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla tutulublar.
Sabiq vəzifəli şəxslər Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Sonradan Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Ceyhun Cəfərov və digərlərinin cəzası 2-3 il aralığında azaldılıb.