Hərbçimizin yaralanması ilə bağlı cinayət işi başlandı

Hərbi Prokurorluq Ermənistanın təxribatı nəticəsində hərbçimizin yaralanması ilə bağlı məlumat yayıb.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub: "Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allahdan hərbçimizə şəfa diləyirik".