"Hər gün 2 milyondan çox yük maşını okeana zibil atır" - BMT RƏSMİSİ

"2040-cı ilə qədər plastik tullantıların yaradığı fəsadların azaldılmasını hədəfləyirik".

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Regional Səviyyədə İqlim Fəaliyyəti Şöbəsinin rəhbəri Şaron Gil WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

O bildirib ki, hər gün məişət tullantısı ilə dolu 2 milyondan çox yük maşını okeana zibil atır:

"Bunların çox hissəsini plastik tullantıların təşkil edir. Həmin tullantılar okeanlara, dənizlərin çirklənməsinə səbəb olur. Bu məsələnin həlli üçün müxtəlif platformalarda fərqli qurumlar bir araya gəlirlər. Biz ölkələrə bu istiqamətdə milli planlar hazırlamağa kömək edirik. Həmin planlar xüsusilə dənizkənarı ölkələr üçün çox vacibdir.

Plastik tullantıların fəsadlarını 2040-cı ilə kimi azaltmaq hədəfləyirik. Bütün mövcud imkanları səfərbər edib buna nail olmaq istəyirik. Bu istiqamətdə 65 milyon dollar civarında investisiya yatırılacaq. Bu məbləğ ziyanların qarşısını almaq üçün xərclədiyimiz məbləğdən daha azdır. Problemləri aradan qaldırmaq üçün daha çox məbləğ lazım gəlsə də, qarşısı alındıqdan sonra ciddi şəkildə büdcəyə qənaət etmiş olacağıq".