Hindistandan ABŞ-a uzanan "Ulaq Yolu"nun sərgüzəştləri-MARŞRUTDA BAKI DA VAR

Hindistanlı insan alverçiləri qeyri-qanuni miqrantları ABŞ-a göndərmək üçün məxfi marşrut hazırlayıblar ki, onun da nöqtələrindən biri Bakı olub.

Stopnarkotik.az xəbər verir ki, insan alveri şəbəkəsini Yeni Dehlidə bir turizm şirkətinin sahibi idarə edirmiş. Hindistan polisi və kəşfiyyat orqanlarının keçirdiyi əməliyyat nəticəsində cinayətkar qrupun bir neçə üzvü həbs edilib, daha bir neçə nəfər isə axtarışdadır.

Hindistan mediası yazır ki, ABŞ-a qeyri-qanuni mühacirət etmək istəyən ölkə vətəndaşları insan alverçiləri tərəfindən hazırlanmış “ulaq yolu” adlanan yolla okeanın o tayına keçirlər. Dəqiqləşdirmək lazımdır ki, bu termini miqrantları qaçaqmalçılıq yolu ilə Qərb ölkələrinə aparan alverçilər işlədirlər.

Dehli Polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin xüsusi komissarı Sinq Yadav Hindistan nəşrinə müsahibəsində bildirib ki, qeyri-qanuni marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçib və bu yolun nəzarətçisi Dehlinin qərbindəki Tilak Nagar rayonunda fəaliyyət göstərən turizm şirkətinin şefi 48 yaşlı Qiris Bhandari olub. Bhandari mayın 2-də həbs edilib. Onun ofisində axtarış zamanı polis ABŞ və digər Qərb ölkələrinə qeyri-qanuni yollarla keçməyi planlaşdıran azı 80 müştərinin pasportunu müsadirə edib.

Stopnarkotik.az