Gürcüstanın "Georgian Airways" aviaşirkəti ruslar üçün Avropaya tranzit uçuşlar həyata keçirəcək.
Bu barədə şirkət təsisçisi Tamaz Qayaşvili məlumat verib.
Onun sözlərinə görə, iyunun 15-dən Rusiya vətəndaşları Avropanın 5 şəhərinə uçuşlar əldə edəcəklər. Turistlər Tbilisidən Milan, Paris, Vyana, Larnaka və Salonikiyə uça biləcəklər.
“Gəlin bu işin necə getdiyini görək. Düşünürük ki, bu marşrutlara kifayət qədər tələbat olacaq. Digər istiqamətlərə nisbətən Tbilisi vasitəsilə daha rahat və daha sürətli olacaq”,- Qayaşvili deyib.
O qeyd edib ki, “Georgian Airways”in proqnozlarına əsasən, Rusiya Federasiyası ilə Gürcüstan arasında sərnişin axını tədricən bərpa olunacaq.
“Təbii ki, biz Rusiya ilə hava əlaqəsini saxlayacağıq. Bununla heç nə olmayacaq. Gürcüstan hökuməti bu qərarı çox səmimi qarşıladı. Allah nəsib eləsin ki, bir daha kəsilməsin”.
Xatırladaq ki, mayın əvvəlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili demişdi ki, Rusiya ilə birbaşa aviareyslərin açılması təbii prosesdir. Hökumət başçısı vurğulayıb ki, iki dövlət arasında uçuşlar Rusiya Federasiyası ərazisində yaşayan milyonlarla etnik gürcü üçün vacibdir./publika.az