Gürcüstanda transmilli cinayətkar şəbəkənin üzvləri saxlanıldı - KÜLLİ MİQDARDA NARKOTİK ƏLƏ KEÇİRİLDİ

Gürcüstanda narkotiklərin qanunsuz satışı ilə məşğul olan beynəlxalq şəbəkənin üzvləri saxlanılıb. 

Stopnarkotik yerli KİV-ə istinadla verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun yaydığı birgə məlumatda bildirilir. 

Həbs olunanlar, əsasən, Gürcüstan, Bolqarıstan və Türkiyə vətəndaşlarıdır. 

Qeyd olunub ki, uzun müddət müxtəlif regionlarda aparılan istintaq hərəkətləri nəticəsində transmilli cinayətkar dəstənin 22 üzvü saxlanılıb.

Cinayətkar dəstənin üzvləri müxtəlif vaxtlarda Gürcüstana külli miqdarda heroin, kokain, buprenorfin, metadon, metamfetamin, amfetamin və MDMA kimi narkotik maddələr gətiriblər.

Bildirilir ki, narkotik vasitələr həm Gürcüstan daxilində satılıb, həm də başqa ölkələrə daşınıb. Cinayətkar dəstənin fəaliyyətinə vəkillər dəstək veriblər. 

Vəkillər narkotiklərin satışına, narkotacirlərin hesablarına nəzarəti və çirkli pulların yuyulmasına nəzarət ediblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvlərinin evlərindən xeyli miqdarda narkotik maddə, silah-sursat, kompüterlər, mobil telefonlar və avtomobillər götürülüb.

Saxlanılan şəxsləri 20 ildən çox, hətta ömürlük həbs cəzası gözləyir.

Xatırladaq ki, Gürcüstanda narkotik maddədən istifadə müəyyən miqdarda leqal sayılsa da, onun kütləvi satışı dövlət tərəfindən qadağan edilib.