Yağıntılı hava şəraiti Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Samux və Göygöl rayonlarında bir sıra fəsadlar törədib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, son günlər yağan güclü yağışlar səbəbindən bir çox çaylarda suyun səviyyəsi artıb, çaylardan sel keçib.
Daşkəsən şəhərində və kəndlərində yağış suları ərazilərə, əkin sahələrinə dolub, təsərrüfata zərər dəyib. Bayan və Quşçu kəndlərində sel kənd yoluna ziyan vurub, Gəncə-Daşkəsən avtomobil yolunun bəzi hissələrində nəqliyyatın hərəkəti leysan səbəbindən qismən çətinləşib.
Gədəbəy rayonunda da sel fəsadlar törədib, təsərrüfata, biçənəklərə zərər vurub. Kənd yolları sel səbəbindən bir müddət keçilməz olub. Samux rayonun bəzi kəndlərində olan dərələrdən sel keçib. Bir vətəndaşa məxsus "VAZ" markalı avtomobil sel sularının əhatəsində qalıb.
Şəmkir, Göygöl və Tovuz rayonlarının ucqar kəndlərində də anoloji hal yaşanıb, əkin sahələrinə, şəxsi təsərrüfatlara zərər dəyib.
Qeyd edək ki, Gəncə şəhərinə yağan güclü yağış qəsəbələrdə, küçələrdə fəsadlar yaradıb. Yağış suları piyadaların və avtomobillərin hərəkətində qismən çətinlik yaradıb.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq rayonlarda leysan yağır. Daşkəsən-Gəncə və Şəmkir-Gədəbəy avtomobil yollarında qatı duman müşahidə olunur.