Gənclər kriminal aləmə niyə meyillənir? – SOSİOLOQDAN AÇIQLAMA

Mütəxəssislər hesab edirlər ki, ailədə sıxışdırılan və təzyiqə məruz qalan oğlan uşaqları cinayətkar aləmə meyillənirlər. Burada isə yalnız ailə faktoru deyil, digər səbəblər də mühüm rol oynayır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Sfera.az-a danışan sosioloq Sahib Altay  davranışlara təsir edən 4 mühüm faktorun olduğunu bildirib:

"Başlıca amil şəxsi keyfiyyətlərdir. Bu keyfiyyətlər insanın genindən və 6 yaşına qədər aldığı tərbiyədən gəlir. Uşaqların təlim-tərbiyə prosesində də ciddi problemlər mövcuddur. Valideynlərin övladlarına qarşı biganə yanaşması, onların problemlərini həll etmək əvəzinə telefon verib sakitləşdirməyə çalışmaları dövrümüzün əsas problemlərindəndir. Kriminal aləmə maraq artıran ikinci amil mühitdir. Ətrafımızda çox sayda kriminal hadisələr baş verir. Bu hadisələr sosial media, televiziya və digər informasiya vasitələri ilə ictimailəşdirilir. Artan kriminal hadisələri görən gənclərdə bu aləmə maraq yaranır. Üçüncü və ən vacib amillərdən biri gənclərin aldığı informasiyanın intesivliyidir. Onlar milli qəhrəmanlardan daha çox “oğru aləmi”nin tərifini eşidir, bu barədə yazılan kitabları oxuyurlar".

Sahib Altay qeyd edib ki, bu sahədə ciddi maarifləndirmə tədbirləri görülməlidir.