Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Dunay çayı üzərində yerləşən beynəlxalq azad Curculeşti limanının Rumıniyanın dövlət operatoru “Port of Constanța”ya satışı üzrə sazişi yaxın vaxtlarda yekunlaşdırmağa hazırlaşdığını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, satış müqaviləsi ən qısa zamanda imzalanacaq.
Curculeşti limanı vaxtilə Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Aliyev və onun qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyevə məxsus olub.

2000-ci illərin ortalarında qardaşların həbsindən sonra aktiv Farhad Əliyevin etibarlı şəxsi hesab edilən Almaniya vətəndaşı Tomas Mozerin adına keçirilib. Lakin 2011-ci ildə Mozer limanı cəmi 344 dollar müqabilində öz adına rəsmiləşdirib. Daha sonra – 2021-ci ildə aktiv AYİB-ə satılıb. Həbsdən azad olunduqdan sonra Əliyev qardaşları limanı məhkəmə yolu ilə geri qaytarmağa cəhd etsələr də, bu cəhdlər nəticəsiz qalıb.
Liman operatoru “Danube Logistics”in səhmlərinin Konstansa limanına satışı barədə razılaşma 31 dekabr 2025-ci ildə imzalanıb. Fevralın 12-də Rumıniya şirkəti sövdələşmədə səhmlər paketini almağa hazır olduğunu rəsmi şəkildə təsdiqləyib. Beləliklə, Dunay hövzəsində strateji əhəmiyyət daşıyan Curculeşti limanının nəzarətinin Rumıniya tərəfinə keçməsi ilə bağlı proses son mərhələyə daxil olub.
Mövzu ilə bağlı əlavə detallı məlumatların yaxın günlərdə açıqlanacağı gözlənilir./azpolitika