“Son günlər Ermənistanın Fransa, Yunanıstan və başqa ölkələrlə hərbi blok yaratmaq istəyi düzgün addım deyil. Ermənistanın müxtəlif ölkələrlə hərbi birlik yaratmaq ideyası həm onun özü, həm də regionumuz üçün heç də yaxşı əlamət deyil”.
Stopnarkotik.az xəbər verir ki, bu sözləri “Report”un yerli bürosuna müsahibəsində gürcü politoloq Tengiz Txilava deyib.
Onun sözlərinə görə, bu cür hərbi blokların yaradılması Ermənistan təhlükəsizliyinə xidmət etmir: “Əgər Ermənistan təhlükəsizliyinə xaricdən dəstək almaq istəyirsə NATO-ya üzv olmalıdır. Ona görə ki, NATO-nun prinsipləri başqadır. NATO təhlükəsizliyi qoruyacaq və eyni zamanda, Ermənistana qonşu ölkələrə qarşı hərbi təcavüz və işğalçılıq siyasəti yürütməyə imkan verməyəcək”.
Politoloq hesab edir ki, Fransa və Yunanıstan çoxdandır ki, Cənubi Qafqaza daxil olmaq, burda söz sahibinə çevrilmək istəyirlər. Belə ki, Azərbaycan və Gürcüstan bu məsələdə onlarla həmfikir deyillər:
“Ermənistan isə heç zaman müstəqil siyasət yürütmədiyi üçün onlara verilən hər bir vədə inanır və boyun əyir. Amma bu da Ermənistana öz çirkin niyyətini həyata keçirməyə imkan verməyəcək”.
Onun sözlərinə görə, Ermənistanda əksər dairələrdə artıq başa düşürlər ki, işğalçılıq siyasətinin əhəmiyyəti yoxdur və bu siyasət yalnız ölkənin özünə ziyan vuracaq: “Burada digər maraqlı məsələ isə Ermənistanın Rusiyadan ayrılmaq istəyidir. Rusiyanı onu “satmaqda” ittiham edən Ermənistan hökumətinin son bəyanatları, Rusiya hərbçilərinin və sərhədçilərinin sıxışdırılması bunu açıq-aydın göstərir. Ermənistan hazırda yalnız Rusiyanın mövqeyinin dəyişəcəyindən və sərtləşəcəyindən qorxduğu üçün Fransa, Yunanıstan və digər ölkələrdən dəstək almağa çalışır”.
“Bunun da hansı nəticələr verəcəyini gələcək göstərəcək. Düşünmürəm ki, Ermənistanın indiki siyasəti ona uğur gətirsin. Ən böyük uğur sülh və təhlükəsizlikdir. Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkib, tez sülh müqaviləsi imzalasa, bir o qədər tez müstəqil dövlət kimi inkişaf edəcəkdir”, - deyə T.Txilava vurğulayıb.