Ermənistana məxfi məlumatlar ötürən Emin Qasımzadə barədə QƏRAR VERİLDİ

İstintaqı DTX-da aparılan və Azərbaycanda Konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə təqsirləndirilən Emin Qasımzadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunaraq Emin Qasımzadə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, Emin Qasımzadə istifadəsində olmuş sosial şəbəkə hesabları vasitəsilə Ermənistan tərəfinin rəsmi qurumları ilə gizli əlaqə qurub, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə məlumatlar ötürərkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) diqqətinə düşüb.

O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfinə məlumatlar ötürərək dövlətə xəyanət etməkdə təqsirləndirilir. Bundan başqa o, qeyd olunan hərəkətlər zəminində özünün feysbuk sosial şəbəkəsi hesabından dövlət əleyhinə açıq çağırışlar edib, həmçinin Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçilik yaratmağa yönələn hərəkətlər törədib.

E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu həmin şəxslərin tələblərini yerinə yetirib, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin fotolarını və digər məlumatları göndərib.

DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş Emin Qasımzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirləndirilir.