Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edir.
Bu barədə Stopnarkotik.az-a İdarədə məlumat verilib.
Bildirilib ki, yay mövsümünün başlanması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.
İlin bu dövründə havanın temperaturunun yüksəlməsi, uzunmüddətli səfərlərin artması və nəqliyyat axınının intensivləşməsi yollarda risk amillərini artırır. Xüsusilə isti hava şəraitində sürücülərin diqqətinin zəifləməsi, reaksiyasının gecikməsi və yorğunluğun daha tez yaranması yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını yüksəldir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyə edir ki, səfərə çıxmazdan əvvəl fiziki vəziyyətlərini düzgün qiymətləndirsin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməsinlər. Unutmaq olmaz ki, iki-üç saat fasiləsiz idarəetmədən sonra diqqət və ayıqlıq səviyyəsi azalır. Belə hallarda təhlükəsiz yerdə dayanaraq qısa müddət istirahət etmək, təmiz hava qəbul etmək və yalnız fiziki vəziyyət bərpa olunduqdan sonra hərəkəti davam etdirmək məqsədəuyğundur.
Bir daha xatırladırıq ki, müəyyən edilmiş sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə edilməsi, ara məsafəsinin qorunması və piyadalara qarşı diqqətli davranılması təhlükəsiz yol hərəkətinin əsas şərtləridir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər insanların həyat və sağlamlığına həssas yanaşmağa çağırır.
Təhlükəsiz yol hərəkəti hər birimizin ortaq məsuliyyətidir.