Kolumbiyada "Kokainin xaç anası" (The Cocaine Godmather) ləqəbli məşhur kolumbiyalı narkobaronessa Qriselda Blanko kriminal dünyanın məşhur simalarından olub.
Stopnarkotik.az xəbər verir ki, əslində, müəyyən mənada narkobaronların həyatı haradasa bir-birinə bənzəyir: insanların bədbəxtliyə sürüklənməsi, keşməkeşli həyat sürmək, göz yaşından insan ölümlərinə qədər hekayələrin doğurduğu milyonlar, milyardlarla pul və amansız qətllə bitən son! Hərçənd, narkobaronların tərcümeyi halları sadalanan hadisələrlə zəngin olsa, onların hamısı “qaçılmaz son”a yaxşı bələd olsalar da, bu qanlı ömürdən imtina edən olmur. Pula tamah üstün gəlir.
Belə amansız narkomafiya başçılarından biri də Qriselda Blanko idi. Qriselda Blanko 1943-cü ildə Kolumbiyanın Kartaxena şəhərində anadan olub. Qriselda anası Ana Lusia Restrepo ilə birgə 3 yaşında Medellinə köçür. Qızın erkən yaşlardan yeraltı dünyasına meylləndiyinə dair müxtəlif mənbələrdən dəlillər var. Bəlkə də burada da genetik bağlar öz hökmünü verib.
Beləliklə, 11 yaşında Qriselda “fidyə” (girov müqabilində tələb olunan pul – müəl.) üçün varlı ailədən bir uşağın qaçırılmasında iştirak edir və sonradan uşaq güllələnir. 14 yaşında Blanko anasının onu daim döyməsindən xilas olmaq üçün evdən qaçır. Bir müddət fahişəlik edir, daha sonra - 20 yaşında Karlos Truxillo ilə evlənir. Bu, Qriseldanın ilk evliliyi idi və bu evlilikdən onun üç oğlu doğulur.
1970-ci illərin ortalarında ikinci dəfə Alberto Bravo ilə evlənən Qriselda onunla birlikdə ABŞ-a mühacirət edir, Nyu-York ştatının Kuins şəhərində (Queens, New York) məskunlaşır. Cütlük narkotik ticarətinə “girişir” və çox keçmədən Blanko və Bravo çox səmərəli narkotik ticarəti şəbəkəsi təşkil edirlər. 1970-ci illərin ikinci yarısında onları həbs etməyə çalışırlar və cütlük Kolumbiyaya qaçır. Ancaq 1970-ci illərin sonlarında Blanko yenidən gizli şəkildə ABŞ-a gəlir, bu dəfə Mayamidə məskunlaşır. Məhz Mayamidə Qriselda “Kokain Kovboy Döyüşləri” (Cocaine Cowboy Wars) kimi tanınan hadisəyə qarışır və bu müharibə nəticəsində kokain marixuana ticarətini bazardan az qala sıxışdırır.
Blanko o zamanlar çox ciddi və təhlükəli narkobaronessa kimi şöhrət qazanır; onun yoluna çıxmaq və işinə mane olmaq istəyənlərin çoxunu “aradan götürür”. 1984-cü ildə Qriselda Blanko Kaliforniyaya köçür - Mayamidə çoxları onunla “çəkişmək” istəyirdi və buna görə də orada qalmaq təhlükəsiz deyildi. 20 fevral 1985-ci ildə polis Blankonu öz evində həbs etdi, məhkəmədən və hökmün elanından sonra o, 20 il həbs cəzası aldı.
Ancaq həbsdə olmasına baxmayaraq, Qriselda barmaqlıqlar arxasından ABŞ-dakı narkobiznesi idarə etməyə davam edir. 2004-cü ildə narkobaronessa Kolumbiyaya deportasiya edilir və burada yenidən işini davam etdirir. Lakin Kolumbiyada onun bütün işlərinə nəzrəti Medellin karteli ələ keçirir. Blankonun onlarla münasibətləri kartel liderlərindən birinin ailəsinə mənsub olan Marta Oçoanın öldürülməsinə görə korlanmışdı.
Qriseldanın üç oğlu qanlı savaşda güllələnir. Sağ qalan yeganə övladı uşaqlıqdan nənəsi tərəfindən böyüdülən Maykl Korleone Blankodur.
Yeri gəlmişkən, 2012-ci ildə Maykl Blanko kokain alverində və kokain daşımaq üçün sui-qəsddə şübhəli bilinərək ev dustaqlığına məhkum edilmişdi. 2012-ci il sentyabrın 3-də Qriselda Blanko Medellin şəhərində qəssab dükanından çıxanda iki motosikletçi onu güllələyir. Maraqlıdır ki, bu qətl üsulu məhz Blankonun dəstəsinə xas idi. Qadının başına atılan iki güllə ona yaşamaq şans vermədi. Lakin bu qətl polisi heç də təəccübləndirmədi, əksinə, çoxlarını düşündürürdü ki, bu niyə əvvəl baş verməyib.
“Kokainin xaç anası” ləqəbi Qriselda Blankoya aid idi, o, dünyanın ən təhlükəli və uğurlu narkotik alverçiləri siyahısındadır.
Qriselda Blankonun narkobiznesi ona ildə 20 milyard dollar qazandırırdı və o, ABŞ-a birbaşa kokain tədarükünü təşkil edirdi.
Stopnarkortik.az