ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Stopnarkotik.az xəbər verir ki, mitinqin yayımı siyasətçinin “Youtube” kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
Hadisədən az sonra Donald Tramp səhhəti ilə bağlı açıqlama verilib və onun qarşı uğursuz sui-qəsd cəhdindən sonra yaxşı olduğu açıqlanıb. Bu barədə sabiq prezidentin sözçüsü Stiven Çunun bəyanatında bildirilib.
“Prezident Tramp hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə bu iyrənc hadisə zamanı çevik hərəkətlərinə görə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”, – bəyanatda qeyd olunub.
ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniya ştatındakı mitinqində atəş açmaqda şübhəli bilinən şəxs öldürülüb.
Bu barədə CBS məlumat yayıb.
“Şübhəli şəxs güman edilən atəşdən sonra Gizli Xidmət tərəfindən zərərsizləşdirilib”, – telekanalın sosial şəbəkə hesabında qeyd olunub.
"Associated Press"ə görə, hadisə nəticəsində mitinq iştirakçılarından da bir nəfər ölüb.
Bayden Trampa edilən sui-qəsd cəhdini pisləyib
ABŞ Prezidenti Cozef Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib.
Bu barədə Amerika liderinin bəyanatında bildirilib:
“Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.
Dövlət başçısı “Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların “bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.
Silahlı insidentin təfərrüatları…
Donald Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub. Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər. Prezident, həmçinin Trampın seçkilərdəki rəqibi Cozef Bayden də hadisəni pisləsə də, bunu “sui-qəsd cəhdi” adlandırmağa tələsməyib.
Tramp danışdı: güclü qanaxmam var idi
ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində “güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.
Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.
Bayden Trampa zəng edib
ABŞ Prezidenti demokrat Cozef Bayden qarşıdan gələn noyabr seçkilərindəki rəqibi, Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan respublikaçı Donald Trampla şənbə günü axşam telefon danışığı aparıb.
Bu barədə Ağ evin sözçüsü jurnalistlərə bildirib.
“Bu axşam prezident keçmiş prezident Trampla danışıb”, – Ağ ev sözçüsü deyib. O, söhbətin təfərrüatlarını açıqlamayıb.
Rəsminin sözlərinə görə, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Trampın mitinqinin keçirildiyi Batler şəhərinin meri Bob Dendoy ilə də danışıb.
FTB Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb
ABŞ-nin Federal Təhqiqatlar Bürosu prezidentliyə namizəd Donald Trampa edilən hücumu “sui-qəsd cəhdi” kimi təsnifatlandırıb.
Bu barədə “The New York Times” yazıb.
Rəsmilər şübhəli şəxsin təkbaşına hərəkət etdiyi qənaətindədir. Onun niyyəti hələlik müəyyənləşdirilməyib.
FTB Trampı öldürmək istəyən şəxsin kimliyini müəyyənləşdirib
Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib.
Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu, 20 yaşlı Tomas Metyu Kruksdur.
Borrel: Prezident Trampa qarşı hücumu pisləyirəm
Prezident Trampa qarşı hücum xəbərindən şoka düşdüm və bunu qəti şəkildə pisləyirəm.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) "X" səhifəsində qeyd edib.
"Biz bir daha siyasi nümayəndələrə qarşı qəbuledilməz zorakılıqların şahidi oluruq", - paylaşımda yazılıb.
Stopnarkotik.az