Narkotik istifadəçilərini tapmaq üçün çirkab suları analiz ediləcək - YENİ TƏKLİF

Qazaxıstanda narkotik istifadəçilərini çirkab sularının təhlili vasitəsilə müəyyən etmək təklifi irəli sürülür.

Stopnarkotik.az “Tengrinews.kz”a isitnadla xəbər verir ki, parlament üzvü Altınşaş Tabuldinanın qeyd etdiyi kimi, müasir texnologiyalar narkotik istifadə sahələrini, o cümlədən konkret evlərə və təhsil müəssisələrinə qədər dəqiq müəyyən etməyə imkan verir.

Tabuldina izah edir ki, bu metod çirkab sularında hətta minimal miqdarda narkotik izlərini belə aşkarlaya bilir və bununla da istifadəçilərin yerləşdiyi konkret yerləri müəyyən edə bilər.

"Kanalizasiya borularından nümunələr götürə və konkret evdə, universitetdə və ya müəssisədə narkotik istifadəsinin dəqiq harada olduğunu görə bilərik. Bunlar işləyə biləcəyimiz hədəf qruplarıdır", deyə o bildirib.

Deputat qeyd edib ki, çirkab sularında narkotik izlərinin təhlili üçün müasir metodlar artıq müəyyən təşkilatlarda istifadə olunur.

"Bir təşkilata baş çəkdik və kanalizasiya boruları vasitəsilə hətta kiçik dozaların belə aşkar edilə biləcəyini gördük. Narkotikin dəqiq harada - evdə, müəssisədə, universitetdə və ya kollecdə - istehlak edildiyini müəyyən edə bilərik", deyə Altınşaş Tabuldina təkrarlayıb. Deputat hesab edir ki, yeniyetmələr və gənclər arasında narkotik istifadəsi ilə bağlı vəziyyət narahatlıq doğurur. O bildirib ki, profilaktik tədbirlər - mühazirələr, məlumatlandırma kampaniyaları və videolar - gözlənilən nəticələri vermir.

Daha əvvəl məktəblərdə və universitetlərdə narkomanların kanalizasiya vasitəsilə axtarılacağı barədə məlumat verilmişdi. Ədliyyə Nazirliyi də təfərrüatları açıqlayıb.

Stopnarkotik.az