İsrail Ordusu “HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları ilə bağlı Qəzza zolağı sakinlərinə evlərini tərk etməyə çağırıb.
Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Adrai bildirib.
Onun sözlərinə görə, “HƏMAS”ın əməliyyatları İsrail Silahlı Qüvvələrini Qəzza ərazisində əməliyyatlar keçirməyə məcbur edir: “Təhlükəsizliyiniz üçün dərhal yaşayış yerinizi tərk etməlisiniz”.
Bundan əvvəl, İsrailin Baş naziri Benyamin Netanyahu da mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və “HƏMAS”ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.
Netanyahu deyib ki, İsrail ordusu Qəzza zolağında Fələstinin “HƏMAS” radikal təşkilatını məhv etmək üçün var gücündən istifadə edəcək:
“Bütün hökumət qərarımı dəstəkləyir. İsrail ordusu “HƏMAS”ı məhv etmək üçün dərhal bütün gücünü işə salacaq. Biz İsrail üçün bu qara günün qisasını alacağıq”, - o deyib.
Onun sözlərinə görə, “HƏMAS” təşkilatına qarşı hərbi əməliyyatı uzun və mürəkkəb olacaq:
“Mən indi bütün İsrail vətəndaşlarına müraciət edirəm: biz bu müharibədə birlikdəyik, bu müharibə vaxt aparacaq, çətin olacaq. Bizi çətin günlər gözləyir, amma mən bir şeyə söz vermək istəyirəm: Allahın köməyi ilə, ümumi səylərimizlə, İsrailə olan inancımız sayəsində biz qalib gələcəyik”.
Stopnarkotik.az